MƏDƏNİYYƏT
Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). Prezident İlham Əliyev aprelin 16-da Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi
və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
Sərəncamda bildirilir ki, Qız qalası çoxəsrlik zəngin ənənələrə malik Azərbaycan memarlığının qiymətli incisidir. Tikinti texnikası və memarlıq quruluşunun unikallığı baxımından seçilməklə paytaxt Bakının rəmzinə çevrilən bu möhtəşəm nadir Şərq abidəsi YUNESKO tərəfindən ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir. Özünün əsrarəngizliyi ilə uzun əsrlərdən bəri diqqəti cəlb edərək, o indi də ən çox ziyarət olunan əzəmətli tarixi məkanlardan biri kimi tanınır.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Qız qalasında aparılan bərpa və konservasiya işlərinin sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılmışdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılmışdır.