MƏDƏNİYYƏT
Qobustan qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir təşkil edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16540906951183646955_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654090695637919137_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540906953732836363_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540906952860348691_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Qobustan Milli Tarix-Bədii Qoruğunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onları təbrik edib, bu günün önəmi barədə ətraflı məlumat verib.
Qurumun rəhbəri bildirib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Qeyd edib ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
“Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır”, - deyə o vurğulayıb.
Tədbir çərçivəsində Abşeron rayonu Qobu qəsəbəsi 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri və Qaradağ rayonu Qobustan qəsəbəsi Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evinin özfəaliyyət ansamblı konsert proqramı ilə çıxış edib.
Uşaqların ifasında şən mahnılar və rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbir balaca rəssamların əl işlərindən ibarət sərginin nümayişi ilə davam edib.