REGİONLAR
Qobustan rayonunda 24 min hektardan çox sahədə taxıl əkilib
Qobustan, 2 noyabr, AZƏRTAC
Qobustan rayonunda payızlıq taxıl əkini sürətlə davam edir və artıq 24 min 180 hektar sahədə səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatada bildirilir ki, hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, bu mühüm kampaniyanın tezliklə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Hazırda hər gün sahələrə 65-dən çox səpin aqreqatı çıxarılır. Əkilən sahələrin 14 min 760 hektarı buğda, 9 min 420 hektarı arpadır. Səpində yerli şərait üçün daha əlverişli olan “Ləyaqətli”, “Qobustan”, “Qızıl buğda”, “Bezosiya” buğda, “Dəyanətli”, “Qarabağ 22”, “Qüdrətli” arpa sortlarından istifadə olunur.
Cari mövsümdə bölgədə 30 min hektarda payızlıq taxıl əkilməsi nəzərdə tutulub. Artıq bir sıra icra nümayəndəliklərində, o cümlədən Sündü, Cəyirli, Təklə və Nabır ərazilərində səpin başa çatıb.