ELM VƏ TƏHSİL
Quba-Xaçmaz zonasında çöl-torpaq tədqiqatları aparılıb
Bakı, 8 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədovun rəhbərliyi ilə bir qrup əməkdaş Quba-Xaçmaz zonasında tədqiqat işi aparıb.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, çöl-torpaq tədqiqatları Xaçmaz rayonunun allüvial çəmən-meşə torpaqlarını əhatə edib. 20 gün davam edən ekspedisiyanın məqsədi zonanın təbii və mədəni senozlar üzrə fərqli torpaq istifadəçiliyinin torpağın aqrokimyəvi və aqrofiziki göstəricilərinə təsirinin müəyyənləşdirilməsi olub.
Ekspedisiya zamanı ilk öncə Xaçmaz rayonunun iqlim, relyef və digər xüsusiyyətlərinə uyğun gələn, həmçinin eyni torpaqəmələgəlmə şəraitində formalaşan allüvial çəmən-meşə torpaqlarında kəsimlər qoyulub. Torpaq kəsimləri altı açar əraziləri əhatə etməklə GPS-lə koordinatlar müəyyənləşdirilib. Bu ərazilərdən üçü təbii senozlardan üçü isə mədəni senozlardan ibarətdir.
Aparılan tədqiqatlar müxtəlif torpaq istifadəçiliyində torpaq xassələrinin qanunauyğunluqlarının dəyişməsinin müəyyənləşdirilməsinə imkan verəcək.