CƏMİYYƏT
Qubalı veteranlar rayonun ictimai həyatında fəal iştirak edirlər
Quba, 15 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Quba rayon təşkilatının növbəti konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə şuranın sədri Ələsgər Qubatov təşkilatın fəaliyyəti barədə hesabatla çıxış etmişdir.
Bildirilmişdir ki, hazırda rayonda 1425 veteran vardır. Onlardan 40 nəfəri Böyük Vətən müharibəsi, 850 nəfəri əmək, 186 nəfəri silahlı qüvvələr, digərləri isə hüquq mühafizə orqanları və arxa cəbhə veteranlarıdır. Qeyd edilmişdir ki, nümunəvi fəaliyyətləri ilə gənc nəslə örnək olan veteranlar rayonun ictimai həyatında fəal iştirak edir, cəmiyyətdə sağlam düşüncəli vətəndaş prinsipinə sadiqliq nümayiş etdirirlər.
Konfransda veteranların sosial problemlərinə toxunulmuş, onların həlli istiqamətində təkliflər verilmişdir.
Tədbirdə təşkilatı məsələyə baxılmışdır. Ələsgər Qubatov yenidən Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Quba rayon təşkilatının sədri seçilmişdir. Respublika Veteranlar Şurasının V qurultayında iştirak edəcək nümayəndələr müəyyənləşdirilmişdir.