MƏDƏNİYYƏT
Qusarda tanınmış şair-publisistin yubileyi qeyd edilmişdir
Qusar, 15 oktyabr (AZƏRTAC). Qusarda şair-publisist Həsən Xasiyevin anadan olmasının 60, ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi kitabxanasında reallaşan tədbirdə mədəniyyət işçiləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev H. Xasıyevin həyat və yaradıcılığı haqqında danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan H. Xasiyev “Qızıl qələm”, “Araz” mükafatlarının laureatıdır. Əsərlərində sadə həyat həqiqətlərini əks etdirən müəllifin müxtəlif illərdə “Qusar şəhidləri”, “Ocağın odu”, “Ömür hesabat istər”, “Şahdağ sovqatı” kitabları işıq üzü görmüşdür.
Tədbirdə yubilyara rayon mədəniyyət və turizm şöbəsinin fəxri fərmanı təqdim edilmişdir.
Yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Tədbir məktəblilərin ifasında Həsən Xasiyevin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.