İQTİSADİYYAT
Rasim Əliquliyev: İnformasiya Texnologiyaları Universiteti Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində kadr boşluğunu dolduracaqdır
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının 2013-cü il 16 yanvar tarixli Sərəncamına əsasən İnformasiya Texnologiyaları Universitetinin yaradılması informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində kadrlar boşluğunu dolduracaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev demişdir.
O bildirmişdir ki, informasiya cəmiyyəti quruculuğu istiqamətində yüksək kadr potensialının formalaşdırılmasını təmin etmək üçün verilən bu Sərəncamla növbəti tədris ilindən ali məktəblərimizin sırasına daha bir universitet əlavə olunacaqdır.
İnformasiya Texnologiyaları Universiteti adlanan yeni təhsil müəssisəsinin 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlamasının təmin edilməsi isə Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunmuşdur.
Bu gün Azərbaycanın digər ali təhsil müəssisələrində də informasiya texnologiyaları mütəxəssisləri üzrə kadr hazırlığının aparıldığını deyən R.Əliquliyev qeyd etmişdir ki, məqsəd heç də bu təhsil ocaqlarının işinə kölgə salmaq deyildir. Yeni universitetin fəaliyyətə başlamasını zərurətə çevirən əsas amil dünyada texnologiyaların dinamik inkişafıdır. Ona görə də dünyada informasiya texnologiyalarının inkişaf tempinə uyğun gələ biləcək, yəni vaxtında kadr hazırlamaq iqtidarında olan yeni qurumlara ehtiyac var idi.