Rayonlarda pambıqçılıqda herbisidlərdən istifadəyə dair təlimlərə başlanılıb
Bakı, 14 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Sabirabad rayonlarında pambıqçılıqla məşğul olan sahibkarların və fermerlərin maarifləndirilməsi, alaq otlarına qarşı herbisidlərdən səmərəli, düzgün və vaxtında istifadə edilməsinə dair təlimlərə başlanılıb.
Təlimlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin, rayon bitki mühafizəsi mərkəzlərinin, rayon kənd təsərrüfatı idarələrinin, rayon aqroservis mərkəzlərinin mütəxəssisləri və mexanizatorları, kənd təsərrüfatı idarələrinin nəzdində fəaliyyət göstərən MMC-lərin mütəxəssisləri və pambıq əkini üçün müqavilə imzalamış fermer və sahibkarlar iştirak edirlər.
Rayonlarda keçirilən təlimlərdə ötən il pambıq əkini sahələrində bitki mühafizə tədbirlərinin aparılması zamanı yol verilən çatışmazlıqlar Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən fermer və mexanizatorlara izah olunub və gələcəkdə pambıq sahələrinin xəstəlik və ziyanvericilərdən mühafizəsində həmin çatışmazlıqların aradan qaldırılması yolları əyani şəkildə göstərilib.
Təlimlərdə keçən mövsüm ilində pambıq əkini sahələrində bitki mühafizə tədbirlərinin aparılması zamanı alaq otlarına qarşı mütəxəssislər tərəfindən tövsiyə edilən herbisidlərin normadan az miqdarda tətbiq olunması, işçi məhlulun hazırlanması zamanı istifadə olunan suyun Ph mühitinin tənzimlənməməsi, sahələrdə zərərvericilərə qarşı aparılan mübarizə tədbirlərində istifadə olunan traktor və çiləyici aqreqatların nizamsız fəaliyyət göstərməsi (kolibrovka olunmaması), zərərvericilərə qarşı aparılan kimyəvi mübarizə tədbirlərində eyni təsiredici tərkibə malik preparatlardan istifadə olunduqda zərərvericilərdə rezistentlik xüsusiyyətinin (preparata qarşı davamlılıq) yaranması və mübarizə tədbirlərinin aparılması zamanı aqrotexniki qaydaların pozulması kimi problemlər müzakirə edilərək həlli yolları izah olunub və fikir mübadiləsi aparılıb.
Növbəti təlimlərin respublikamızın bütün pambıqçılıq rayonlarında keçirilməsi və bu təlimlərdə pambıq bitkisinin əsas xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri, boytənzimləyicilərdən istifadə, ucvurma və defolyasiya tədbirlərinin həyata keçirilməsi sahəsində fermerlərin maarifləndirilməsi nəzərdə tutulur.