MƏDƏNİYYƏT
Rejissor Ziya Şıxlinski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hərbi müqaviləsi haqqında sənədli filmin çəkilişlərinə başlamışdır
Bakı, 23 aprel (AZƏRTAC). Sənədli filmlər rejissoru Ziya Şıxlinski aprelin 23-də - Rus İmperator Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin sərkərdəsi, sovet dövlətinin hərbi xadimi, artilleriya generalı Əliağa İsmayıl oğlu Şıxlinskinin doğum günü Azərbaycanın hərb tarixinin səhifələrindən birinə həsr olunmuş yeni film üzərində işə başlamışdır.
Rejissor AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, onun yeni ekran əsəri Azərbaycan Xalq Cümhuriyyəti illərində Azərbaycanın hərb tarixinin az öyrənilmiş səhifələrindən birinə - Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyası arasında imzalanmış birinci hərbi müqaviləyə həsr olunmuşdur.
Tarixdən məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra 1918-ci il iyunun 4-də Azərbaycan Cümhuriyyəti və Osmanlı İmperiyası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləyə görə, Osmanlı İmperiyası “Azərbaycanda asayişin və təhlükəsizliyin təmin olunması üçün lazım gələrsə, Cümhuriyyət hökumətinə silahlı qüvvə ilə yardım göstərməyi” öhdəsinə götürürdü.
Bu müqavilə Azərbaycanın Milli Hərbi Korpusunun yaradılmasına aid idi. Onun təşkilinə Gəncədə başlanmışdı. Layihəyə Qafqaz İslam Ordusunun komandanı, türk generalı Nuru Paşa və artilleriya generalı Əliağa Şıxlinski başçılıq edirdilər. Ə.Şıxlinski Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə yenidən yaradılan Əlahiddə Azərbaycan Korpusunun komandiri təyin edilmişdi. Korpus aprelin axırı - mayın əvvəlində təşkil edilmişdi.
Filmdə Bakının Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunasının silahlı qüvvələrindən və daşnak quldur dəstələrindən azad edilməsinə xüsusi yer ayrılacaqdır.
Filmin ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operatoru Yuri Varnavski, sponsoru yekaterinburqlu həmvətənimiz Şahin Şıxlinskidir.