REGİONLAR
Rəqs kollektivləri IV “Kəpəz açıq kuboku” uğrunda müsabiqədə iştirak edəcəklər
Gəncə, 21 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 27-də rəqs kollektivləri arasında IV “Kəpəz açıq kuboku” müsabiqəsi keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək müsabiqədə bütün rəqs kollektivləri fərqli rəqs növləri üzrə çıxış edəcəklər.
Ayrı-ayrı yaş kateqoriyalarında olan iştirakçılar çerlidinq, hip-hop, brek dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, müəllif rəqsi və digər nominasiyalarda mübarizə aparacaqlar.
İştirakçıların çıxışları respublika üzrə nüfuzlu rəqqas və xoreoqraflardan təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər münsiflər heyətinin verdiyi bala əsasən müəyyənləşdiriləcək. Qaliblərə kubok, laureatlara isə diplomlar təqdim olunacaq.
Müsabiqənin keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duetləri, solistləri müəyyənləşdirmək, həmçinin müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, uşaqları, yeniyetmələri və gəncləri xoreoqrafiyaya cəlb etməkdir.