Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı
Bakı, 7 may, AZƏRTAC
Rəsul Rzanın ev-muzeyində Səməd Vurğunun 120, Rəsul Rzanın isə 116-cı ildönümünə həsr olunmuş anım tədbiri olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalıq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, vurğunşünaslar, hər iki şairin ailə üzvləri iştirak ediblər.
Tədbirdə muzeyin direktoru Fidan Rzayeva Səməd Vurğun və Rəsul Rza yaradıcılığının xatırlanmasının, onların zəngin söz dünyasına yenidən nəzər salmağın və bu ədəbi irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Çıxış edən qonaqlar hər iki şairin Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan, yaradıcılıqlarının milli-mənəvi dəyərlərimizin formalaşmasına göstərdiyi təsirdən bəhs edib, həmçinin onlarla bağlı xatirələrini bölüşüblər.
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvləri Səməd Vurğun və Rəsul Rzaya aid şeirlər səsləndiriblər.
Sonda Xalq artisti Tünzalə Ağayeva, Vurğun Vəkilovun müşayiəti ilə “Xavərim”, “Alagözlüm” mahnılarını ifa edib.