DÜNYA
“Rio+20” zirvə görüşünün iştirakçıları 20 milyon vərəq kağıza qənaət etmişlər
Bakı, 22 iyun (AZƏRTAC). BMT-nin davamlı inkişaf üzrə “Rio+20” zirvə görüşünün iştirakçıları sənəd dövriyyəsini azaltmağa imkan verən xüsusi proqram sayəsində təxminən 20 milyon vərəqə qənaət etmişlər. Bu barədə konfransın təşkilat komitəsi məlumat vermişdir.
Forumda istifadə olunan “PaperSmart” proqramı rəsmi sənədlərin çapına ciddi məhdudiyyət qoymuşdur. Təşkilatçılar sənədlərin yayılması üçün xüsusi portal yaratmışlar.
“PaperSmart” proqramının rəhbəri Maqnus Olafsson demişdir: “Adətən “Rio+20” miqyaslı konfranslarda 20 milyondan çox kağız vərəq istifadə olunur. Lakin bizim hesablamalarımıza görə, Riodakı sammitdə 1 milyon vərəqdən az kağız işlənəcəkdir”.
Olafsson vurğulamışdır ki, nümayəndələr və konfransın digər iştirakçıları yeni iş modelinə tez vərdiş etmişlər. BMT bu modeli digər tədbirlərdə, o cümlədən sammitin final hissəsinə hazırlıq zamanı da tətbiq etmək niyyətindədir. Belə ki, finalda danışıqların iştirakçıları layihənin bütün 90 səhifəsini deyil, üzərində işlədikləri bir neçə səhifəni nəzərdən keçirirlər.
Məlumatda deyilir ki, konfransı tamamilə kağızsız keçirmək mümkün olmasa da, çap olunan sənədlərin sayı mümkün qədər azaldılmışdır.