MƏDƏNİYYƏT
Rusiya Etnoqrafiya Muzeyində Cənubi Qafqaz xalqlarının mədəniyyətinin və məişətinin yenilənmiş ekspozisiyası açılmışdır
Bakı, 22 may (AZƏRTAC). Rusiya Etnoqrafiya Muzeyində (REM) bir neçə ilə davam etmiş fasilədən sonra Cənubi Qafqaz xalqlarına həsr olunmuş daimi ekspozisiya açılmışdır. Azərbaycanlılara həsr olunmuş ayrıca ekspozisiyada xalqımızın etnik mədəniyyətinə dair materiallar təqdim edilmişdir. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən məlumat verilmişdir.
Sərgidə çoxlu sayda milli kostyumlar, - onların nümayişi üçün köhnə antropoloji manekenlər bərpa edilmişdir, - XIX əsrin sonu- XX əsrin əvvəlinə aid, regionun milli koloritini əks etdirən nadir fotoşəkillər, habelə məişət və ev əşyaları görmək olar.
Sərginin açılışı Beynəlxalq Muzeylər Gününə və Rusiya Etnoqrafiya Muzeyinin 110-cu ildönümünə həsr olunmuşdur.
REM-in direktoru Vladimir Qrusman tədbirdə çıxış edərək bildirmişdir ki, Cənubi Qafqaz xalqlarının mədəniyyətinin təqdimatı irimiqyaslı muzey layihəsinin mühüm mərhələsidir. Onun vəzifəsi bütövlükdə Qafqazın etno-mədəni məkanının mədəniyyətini təqdim etməkdir.
REM-nin baş elmi işçisi, Qafqaz üzrə mütəxəssis Vladimir Dmitriyev qonaqlara bildirmişdir ki, sərginin kompozisiyası yeni prinsip üzərində qurulmuşdur. O demişdir: “Biz xalqları ayrı-ayrılıqda deyil, kompleks şəkildə göstərir, insanların təbiətlə qarşılıqlı münasibətləri, onların ətraf mühitə uyğunlaşması məsələlərini qabardırıq”. Bu zaman xalqların ənənələrinə və mədəniyyətinə böyük diqqət yetirilir; alimlərin fikrincə, milli xarakterə böyük təsir göstərmiş din amilinə xüsusi əhəmiyyət verilir. Cənubi Qafqaz ekspozisiyası şərti olaraq iki hissəyə: kişilərə və qadınlara aid eksponatlara bölünmüşdür. Qalereyada bir-birinin qarşısında düzülmüş vitrinlərdəki əşyalar Qafqaz kişilərinin və qadınlarının ənənəvi məşğuliyyətini, geyimini, məişət xüsusiyyətlərini müqayisə etməyə imkan verir.
Sankt-Peterburqun vitse-qubernatoru Vasili Kiçeci təkcə çar Rusiyası dövründə deyil, həm də sovet illərində Cənubi Qafqaz regionunun əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, Cənubi Qafqaz ölkələri hətta müstəqillik əldə etdikdən sonra da Rusiya Federasiyası ilə sıx qarşılıqlı fəaliyyəti davam etdirirlər.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxışında Azərbaycan və Rusiya, o cümlədən Sankt-Peterburq arasında mədəni-humanitar sahədə münasibətlərin yüksək səviyyəsini vurğulamış və sıx əməkdaşlığa görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. O, 2008-ci ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin dəstəyi ilə Rusiya Etnoqrafiya Muzeyində keçirilmiş “Odlar yurdu” - azərbaycanlıların ənənəvi mədəniyyəti” sərgisini, habelə 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Azərbaycan rəssamlarının və xalq tətbiqi sənəti ustalarının sərgisini xüsusi vurğulamışdır.
Qeyd edək ki, Rusiya Etnoqrafiya Muzeyinin Azərbaycan kolleksiyasında hazırda təxminən 2500 saxlama vahidi vardır.