SİYASƏT
Rusiya Federasiyasının Murmansk vilayəti hökumətinin rəsmi saytında Yanvar faciəsi haqqında məqalə yerləşdirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Rusiya Federasiyasının Murmansk vilayəti hökumətinin rəsmi saytında (http://www.gov-murman.ru Region. Qrajdanskoye obşestvo) 1990-cı ilin qanlı faciəsi haqqında “1990-cı ilin Bakı faciəsi haqqında xatirə” adlı məqalə yerləşdirilmişdir.
Məqalədə deyilir ki, sovet ordusunun nizami hissələrinin Bakıya yeridilməsi xüsusi amansızlıqla həyata keçirilmiş, misli görünməmiş vəhşiliklər törədilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə adam öldürülmüş, yaralanmış, itkin düşmüşdür. Ümumiyyətlə, qoşunların qanunsuz olaraq Bakıya və respublikanın rayonlarına yeridilməsi nəticəsində 147 nəfər mülki şəxs həlak olmuş, 700 nəfərdən çox adam yaralanmışdır. Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar, habelə təcili yardım və milis işçiləri də vardır.
Hərbçilər insanları xüsusi amansızlıqla gülləbaran etmiş, tanklar və zirehli transpartyorlarla minik maşınlarını qəsdən əzib keçmiş, xəstəxanaları atəşə tutmuş, tibb işçilərinin yaralılara kömək göstərməsinə mane olmuşlar. Ertəsi gün Moskvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında azərbaycanlıların etiraz mitinqi keçirilmişdir. Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin istefada olan birinci müavini, Azərbaycan xalqının sədaqətli oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək Azərbaycanda sovet qoşunlarının törətdikləri insanlığa zidd aksiyanı pisləmiş və bu dəhşətli qırğının əsl günahkarlarının adlarını bəyan etmişdir.
Məqalənin müəllifi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk vilayət şöbəsinin mətbuat katibi, regionun hökuməti yanında Millətlərə dair işlər üzrə məsləhət şurasının üzvü, Azərbaycan diasporunun fəal üzvü Əlihüseyn Şükürovdur.
Bu barədə AZƏRTAC-a ÜAK-ın Murmansk vilayət şöbəsindən məlumat vermişlər.
ÜAK-ın Murmansk şöbəsi Bakıda 1990-cı ilin yanvar hadisələrinin 23-cü ildönümünə həsr olunmuş bir sıra tədbirlər hazırlamışdır. Şöbənin ofisində faciəyə həsr olunmuş fotoekspozisiyanın, kitab sərgisinin açılması planlaşdırılır. 2013-cü il yanvarın 20-də Azərbaycan diasporunun üzvləri şəhid olmuş qəhrəmanların ruhuna dualar oxuyacaq, ÜAK-ın gənclər şöbəsi dəyirmi masa və s. təşkil edəcəkdir.