MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Qafqaz uğrunda döyüşün başlanmasının 70 illiyinə həsr edilmiş “dəyirmi masa” olmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qafqaz uğrunda döyüşün başlanmasının 70 illiyinə həsr edilmiş “dəyirmi masa” olmuşdur.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın Azərbaycandakı səfirliyinin, Rossotrudniçestvonun Bakı nümayəndəliyinin, Azərbaycan Müharibə Veteranları - Alay Yoldaşları Seksiyasının və “Sodrujestvo” Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyətinin (ARXHC) təşkil etdikləri tədbirdə müharibə veteranları və arxa cəbhə zəhmətkeşləri, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan Rusiya Həmvətənləri İctimai Birliklərinin fəalları, gənclər təşkilatlarının, KİV-lərin təmsilçiləri iştirak etmişlər.
“Dəyirmi masa”nı “Sodrujestvo” ARXHC sədrinin müavini Mixail Bolotnikov açmışdır. Sonra tədbir iştirakçılarını Rossotrudniçestvonun Bakı nümayəndəliyinin başçısı Ənvər Şeyxov və Rusiyanın Azərbaycandakı hərbi attaşesinin köməkçisi podpolkovnik Rüstəm Musin salamlamışlar.
Azərbaycan Veteranları Şurasının sədri Əlövsət Baxışov, Azərbaycan Müharibə Veteranları - Alay Yoldaşları Seksiyasının sədri, istefada olan polkovnik Rasim Muxtarov, onun müavini, istefada olan birinci dərəcəli kapitan Aleksandr Qritçenko, “Sodrujestvo” ARXHC Müharibə Veteranları Şurası sədrinin müavini, istefada olan polkovnik İsmayıl Qasımov, professor, istefada olan birinci dərəcəli kapitan Gennadi Smirnov, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsi Müharibə Veteranları Şurasının sədri, istefada olan polkovnik Aleksandr Antropov, Leniqrad Blokadaçıları İctimai Birliyinin sədri İrina Qədimova, Xəzər Dəniz Gəmiçiliyi Müharibə Veteranları Şurasının sədri Kərim Məmmədəlizadə, “Sodrujestvo”nun gənclər hərəkatının təmsilçisi Zaur Mehdiyev Azərbaycan xalqlarının faşizmin darmadağın edilməsinə töhfəsindən, düşmənin Qafqaz hüdudlarına irəliləməsinin qarşısını almaq məqsədi ilə Azərbaycanda atıcı diviziyaların yaradılmasının rolundan söz açmışlar.
“Dəyirmi masa”da “Qafqaz uğrunda qəhrəmanlıq savaşı”, “Qafqaz uğrunda savaşın qəhrəmanları”, “Qafqaz uğrunda ağır döyüşlərdə Azərbaycan oğulları”, “Qırmızı Bayraqlı Xəzər Donanması dənizçilərinin Qafqazın müdafiəsinə töhfəsi”, “Qafqazın müdafiəsində Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinin rolu”, “Arxa cəbhə zəhmətkeşləri: “Hər şey cəbhə üçün, hər şey Qələbə üçün!”, “Qafqaz uğrunda döyüşlər dövründə cəbhənin hərbi texnika, yanacaq, hərbi ləvazimatla təmin olunmasında Xəzər Dəniz Gəmiçiliyinin iştirakı” , ”Nəsillərin varisliyi” mövzuları ətrafında müzakirələr aparılmışdır.
Tədbir boyu böyük ekranda hərbi illərin foto və video xronikasının kadrları nümayiş etdirilmişdir.