REGİONLAR
Rusiyanın bəzi bölgələrindən ölkəmizə quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub
Bakı, 14 dekabr, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) noyabrın 24-ü və dekabrın 9-da yaydığı rəsmi məlumatlarda Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin yayılması barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məlumat daxil olub.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün Rusiyanın Kalmıkiya Respublikasından, Həştərxan vilayətindən, habelə risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması haqqında əmr imzalanıb.
Rusiyanın Kalmıkiya Respublikasında və Həştərxan vilayətində ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvafiq bölmələrinə tapşırıqlar verilib.
Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiya Federasiyasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.