ELM VƏ TƏHSİL
“SABAH” tələbələrinin ifasında “Pəri cadu” tamaşasının təqdimatı olub
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının tələbələri buraxılış işi kimi Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşasını təqdim ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitetin qalereyasında rəssam və dizayner tələbələrin, məzunların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qonaqlar ADMİU-nun Vətən müharibəsi iştirakçılarına həsr olunan “Zəfər” lövhəsi ilə də tanış olublar. Bildirilib ki, Vətən müharibəsində universitetin 2-si əməkdaş olmaqla, 50-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 3 nəfəri şəhidlik zirvəsinə ucalıb, əksəriyyəti isə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə medallarla təltif olunub.
Daha sonra ADMİU-nun “SABAH” qrupları tələbələrinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşası nümayiş edilib. Klassik irsə müasir baxış sərgiləyən tamaşa maraqla izlənilib.
Sonda çıxış edən təhsil naziri Emin Əmrullayev ADMİU-dakı yaradıcı mühitdən, nümayiş olunan tamaşadan məmnunluğunu ifadə edib və universitetin fəaliyyətində uğurlar arzulayıb.