İQTİSADİYYAT
Sabunçu rayonunda cari ilin birinci rübünün nəticələri müzakirə olunmuşdur
Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Sabunçu rayonunun 2013-cü ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iclas iştirakçıları Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatındakı ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olmuş bu dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
İclası açan rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Sabunçu rayonunda da ötən dövr ərzində dövlət və yerli proqramların yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir.
Məruzə ilə çıxış edən RİH başçısının müavini Qəzənfər Həsənov bildirilmişdir ki, hesabat dövründə rayon üzrə sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş məhsulun ümumi həcmi 18 faiz artaraq 78,9 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 15,2 faiz artaraq 147,97 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 19,4 faiz artaraq 65,3 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyalar isə 22,1 faiz artaraq 15,95 milyon manat təşkil etmişdir. Sənaye müəssisələrində çalışanların əmək haqları isə 12,5 faiz artaraq 605,8 manat olmuşdur. Cari ilin birinci rübündə rayonda 589 yeni iş yeri yaradılmışdır.
Qeyd edilmişdir ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən hesabat dövründə 737 ailəyə orta hesabla hər ailəyə 132 manat dövlət sosial yardımı təyin olunmuşdur. Dövlətimizin başçısının müvafiq fərman və sərəncamlarına əsasən, şəhid ailələrin üzvlərinə, əlil, Milli Qəhrəman və digər aztəminatlı vətəndaşlara sosial müavinətlər təyin olunmuş, mərkəzin əməkdaşları tərəfindən 267 ahıl, kimsəsiz, əlil vətəndaşlara evlərdə xidmət göstərmişdir.
Sabunçu rayon Məşğulluq Mərkəzinə 299 nəfər müraciət etmiş, onlardan 124-ü işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulmuş işlər cari ilin birinci rübündə də davam etdirilmişdir. Hazırda 252 və 155 saylı məktəblər üçün yeni korpusların tikintisi, beş təhsil və üç səhiyyə müəssisəsində əsaslı təmir işləri davam etdirilir. Zabrat qəsəbəsində üçmərtəbəli 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün dördmərtəbəli tədris bərpa mərkəzlərinin tikintisinə başlanılmışdır. Bundan əlavə, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri pansionatı üçün beşmərtəbəli 170 nəfərlik korpusun tikintisinə başlanmışdır.
Bildirilmişdir ki, rayon ərazisində 50 müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət və kommunal şəraitinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin aparılmasına kömək göstərilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzərdə saxlanılmışdır.
Məruzə ətrafında çıxış edənlər də əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmışlar.
İclasda Milli Məclisin deputatları, rayonun ərazisindəki idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.