İQTİSADİYYAT
Şahin Mustafayev: Azərbaycan və Qvatemala arasında ikitərəfli əlaqələr inkişaf etdirilməlidir
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Qvatemala ilə BMT çərçivəsində əməkdaşlıq edir. Bununla belə, ölkələrimiz arasında ikitərəfli əlaqələr də inkişaf etdirilməlidir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronado ilə görüşündə əlaqələrin mümkün istiqamətləri barədə fikirlərini bölüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Şahin Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə Koronadonu təbrik edib və ölkəmizdəki fəaliyyətində ona uğurlar arzulayıb. Azərbaycanın iqtisadi inkişafı, investisiya və ixrac imkanları, zəngin təbii resursları, həyata keçirdiyi iri regional layihələr barədə məlumat verən nazir ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, münaqişənin regional inkişafa əsas maneə olduğunu vurğulayıb.
Səfir ölkəmizdə yüksək iqtisadi inkişafın şahidi olduğunu, bir sıra sahələrdə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.