ELM VƏ TƏHSİL
SALYAN ŞƏHƏRİNDƏKİ ƏLAĞA KÜRÇAYLI ADINA 7 NÖMRƏLİ ORTA MƏKTƏBİN KİMYA-BİOLOGİYA MÜƏLLİMİ GÜLŞƏN PİRİYEVANIN ÇIXIŞI
Salyan şəhərindəki Əlağa Kürçaylı adına 7 nömrəli orta məktəbin kimya-biologiya müəllimi GÜLŞƏN PİRİYEVA öz çıxışına Prezident Heydər Əliyevin ötən qurultayda “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli, eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” kəlamı ilə başladı. O vurğuladı ki, artıq çoxdan isbat olunmuşdur: məktəb canlı orqanizmdir, cəmiyyətin bir parçasıdır və ölkədə baş verən bütün mənfi və müsbət hadisələr məktəbə bilavasitə təsir edir. Ona görə də bu, daim diqqət mərkəzində saxlanmalıdır. Natiq dünya təhsil sistemindəki müasir təlim üsullarından danışaraq, yeni texnologiyaların milli təhsilimizə tətbiqinin zəruriliyini söylədi.
X X X
Qurultay nümayəndəsi CEYRAN QULİYEVA qurultay iştirakçılarının Azərbaycan xalqına müraciətini oxudu.
Qurultay nümayəndəsi ƏSGƏR QULİYEV qətnamə layihəsini oxudu. Layihə səsə qoyularaq yekdilliklə qəbul olundu.
(Müraciətin və qətnamənin mətnləri qəzetin bugünkü nömrəsində dərc edilir).
Bununla da Azərbaycan müəllimlərinin XII qurultayı öz işini başa çatdırdı.
Axırda incəsənət ustalarının iştirakı ilə konsert proqramı oldu.
Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin, baş nazirin müavinləri, nazirlər, bir sıra xarici ölkələrin səfirləri, deputatlar və digər rəsmi şəxslər iştirak edirdilər.