İQTİSADİYYAT
Salyanda cari ilin birinci rübündə əsas iqtisadi göstəricilər artmışdır
Salyan, 23 aprel (AZƏRTAC). Salyan Rayon İcra Hakimiyyətində 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, hesabat məruzəsində aprelin 16-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırılaraq bildirilmişdir ki, cari ilin birinci rübündə Salyan rayonunda regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində müəyyən işlər görülmüş, əsas iqtisadi göstəricilər artmışdır.
Qeyd olunmuşdur ki martın 13-də Azərbaycan Prezidentinin Salyan rayonuna növbəti səfəri əhalinin qurub-yaratmaq əzmini artırmışdır.
Birinci rübdə rayonda ümumi məhsul istehsalının həcmi 34 milyon 638 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 63,8 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 27,1 faiz, pərakəndə ticarət dövriyyəsi 5,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 25,3 faiz artmış, əsas kapitala yönəldilən investisiya 4 milyon 397 min manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 194 manat təşkil etmişdir. Bu ilin birinci rübündə rayonda 415 iş yerləri açılmışdır ki, bunun da 295-i daimidir.
Bu dövrdə rayonda tikinti, quruculuq və abadlıq işləri uğurla davam etdirilmişdir. Şəhərin küçə və xiyabanları təmir edilmiş, yollara isti asfalt döşənmişdir. Aşağı və Yuxarı Noxudlu kəndlərində yeni salınmış yaşayış məntəqələrində elektrik yarımstansiyaları inşa edilmiş, şəhərin kommunal binaları, ticarət şəbəkələri və digər sosial obyektlərin fasadlarının gecə işıqlandırılması təmin edilmişdir.
Şəhərdəki 1, 2, 3, 4, 7 nömrəli orta məktəblərdə və uşaqların texniki yaradıcılıq mərkəzində yeni istilik qazanxanaları tikilmişdir.
Qarabağlı-1 kənd tam orta məktəbi üçün 480, Yolüstü kənd tam orta məktəbi üçün 360, Boranıkənd kənd orta məktəbi üçün 240, Quyçu kənd orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binaları və rayon təhsil şöbəsinin yeni inzibati binası, Şorsulu rayonlararası psixiatriya xəstəxanası üçün 100 çarpayılıq yeni korpus inşa edilir.
Salyan şəhərinin və rayonun kənd yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırmaq məqsədilə şəhərin təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin Ə.Hüseynov və Ə.Zeynalov küçələrindən keçən 2800 metr hissəsinin və “Mərkəzi qazanxanalar” qaz kəmərinin yenidən qurulması məqsədilə 2 min 583 metr uzunluqda yeni qaz xətti, şəhərin mərkəzində 1512 metr uzunluğunda yeni orta təzyiqli qaz kəməri çəkilmişdir. Çuxanlı kəndində orta təzyiqli və aşağı təzyiqli qaz xətləri yenisi ilə əvəz edilmiş, Yenikənd, Şəkərli, Qardilli, kəndlərində orta və aşağı təzyiqli daxili qaz xəttlərinin çəkilməsinə başlanılmışdır. Arbatan və Yolüstü kəndlərinin qaz təchizatının bərpası birpilləli sistemdə çəkilərək istifadəyə verilmişdir. Parça-Xalac, Seydan, Cəncəli və Pratman kəndlərinin qaz təchizatının bərpa olunması məqsədilə 4 kəndin qaz təsərrüfatı birpilləli sistemdə polietilen borularla çəkilərək başa çatdırılmışdır.
Əhaliyə göstərilən rabitə xidmətini yaxşılaşdırmaq məqsədilə Qaraçala və Xalac kənd elektron avtomat telefon stansiyaları birləşdirici xətləri daha müasir və etibarlı radiorele avadanlıqla əvəz olunmuşdur.
Rayon telekommunikasiya qovşağının və “Azərpoçt“ MMC-nin Salyan poçt filialının inzibati binasında əsaslı təmir işləri davam etdirilir. Pambıqkənd kəndində yeni poçt binası tikilərək əhalinin istifadəsinə verilmişdir.
“Azərsu” ASC-nin vəsaiti hesabına Salyan şəhərinin içməli su ilə təmin edilməsi məqsədilə Hacıqabul rayonundakı Kür sutəmizləyici qurğular kompleksindən su xəttinin çəkilməsi layihəsi hazırlanmağa başlanılmışdır. Şəhərin kanalizasiya sisteminin yenidən işlənməsi layihəsi isə Yaponiya hökumətinin qrantı hesabına bu ilin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Salyan rayonunun 22 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular qurularaq əhalinin istifadəsinə verilmişdir. Hazırda Dayıkənd, Seyidlər, Şorsulu və Beştalı kəndlərində sutəmizləyici qurğuların tikintisi aparılır.
Bildirilmişdir ki, 2011-ci ilin payızında 2012-ci ilin məhsulu üçün 17 min 200 hektar sahədə taxıl əkini aparılmışdır. Bunun 7 min 22 hektarını buğda, 10 min 178 hektarını arpa əkin sahələri təşkil edir. Hazırda rayonda yazlıq bitkilərin əkini kampaniyası davam etdirilir
Rayonun təsərrüfatlarında 3506,5 hektar sahədə yazlıq əkinlər əkilmişdir ki, bunun da 50 hektarını qarğıdalı, 2517,5 hektarını yonca, 389 hektarını kartof, 332 hektarını tərəvəz, 191 hektarını bostan, 27 hektarını pambıq əkin sahələri təşkil edir.
Birinci rübdə rayonda iribuynuzlu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 61 min 769 başa, davarların sayı 181min 846 başa çatdırılmışdır. Rayonda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 7,8 faiz artmışdır.
Çuxanlı kəndi ərazisində “Şəfa Quşçuluq” ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubatoru, Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən “Hacı Camalxan” kəndli fermer təsərrüfatı tərəfindən 10 min tonluq taxıl anbarının tikintisi başa çatdırılmış, 2 min 400 başlıq beynəlxalq standartlara uyğun süd-əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsi ərazisində “Ələddin Fermer” MMC tərəfindən illik istehsal gücü 600 ton olan quru meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndi ərazisində istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam etdirilir.
Toplantıda çıxış edənlər 2012-ci ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
İclasda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.