DÜNYA
Sami Şükrü: Misirin su ehtiyatları ilə bağlı maraqlarına zərər verilməsi beynəlxalq və regional gərginliyə səbəb olacaq
Qahirə, 24 iyul, AZƏRTAC
Misirin xarici işlər naziri Sami Şükrü yerli televiziya kanalına müsahibəsində onun ölkəsinin su ehtiyatları ilə bağlı maraqlarına zərər verilməsinin beynəlxalq və regional gərginliyə səbəb olacağını açıqlayıb. O əlavə edib ki, ABŞ-ın Afrikanın Buynuz regionu üzrə elçisinin Qahirəyə səfəri zamanı da bu mövzu müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Qərbin də vasitəçilik etdiyi uzunmüddətli danışıqlara rəğmən Böyük Efiopiya Renessans Bəndi ətrafında yekun razılaşma əldə olunmayıb. Rəsmi Əddis-Əbəbənin bəndin Nil çayının suyu ilə doldurulmasına dair bəyanatı Misirin böyük narahatlığına səbəb olub. Belə ki, həmin bəndə axıdılan su ehtiyatları çayın Mavi Nil adlanan qolundan gəlir və bu mənbə Misirin su ehtiyatlarının 85 faizini təmin edir. Rəsmi Qahirə bununla bağlı dəfələrlə xəbərdarlıq edib, hətta sözügedən problemin Şimali Afrika regionunda yeni münaqişə ocağı yarada biləcəyini bildirib.
Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Qahirəyə səfəri ilə bağlı sualı cavablandıran Sami Şükrü deyib ki, Misir beynəlxalq hüquq normalarına və BMT-nin Nizamnaməsinə uyğun xarici siyasət kursu yürüdür.
Qahirə