SİYASƏT
Şamil Ayrım: Qazanılan Qələbə həmrəylik bayramını təntənə ilə qeyd etmək haqqını Azərbaycan xalqına qazandırıb
![Şamil Ayrım: Qazanılan Qələbə həmrəylik bayramını təntənə ilə qeyd etmək haqqını Azərbaycan xalqına qazandırıb](/files/2020/3/1200x630/16093986311756817780_1200x630.jpg)
Ankara, 31 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Ali Məclisinin 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə qəbul etdiyi tarixi qərar Azərbaycan xalqının dövlət müstəqilliyinin möhkəm təməl üzərində bərpa olunması üçün ciddi zəmin yaratmışdır. Bu gün dünya azərbaycanlıları tərəfindən daha böyük sevgi və təntənə ilə qeyd olunacaq. Bu mənəvi haqqı bizlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu otuz illik işğal altında saxlanılan torpaqlarımızı azad edərək qazandırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.
Minillikləri əhatə edən tarixi proseslər içərisində inqilablar, istilalar, hərbi müdaxilələr, yürüşlər nəticəsində Azərbaycan xalqının çox böyük acılar və tragediyalar yaşadığını diqqətə çatdıran Türkiyə parlamentinin deputatı Şamil Ayrım deyib ki, məlum Türkmənçay müqaviləsi əsasında Azərbaycanın iki yerə bölünməsi sonrakı dövrdə bir sıra fundamental problemlər yaradıb. Azərbaycan torpaqlarına köçürülən ermənilər xislətlərinə uyğun olaraq xəyanət və hiyləgərliklər işlədərək bədnam yol tutublar.
Azərbaycan xalqının keçmiş sovetlərin tikanlı məftillərdən qurulan sərhədlərini 1989-cu ildə dağıtmaqla, eyni zamanda 44 günlük zəfər müharibəsi ilə bütün dünyaya öz gücünü, qüdrətini və yenilməzliyini nümayiş etdirdiyini diqqətə çatdıran Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib: “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza ataraq öz dövlətini qoruyacaq və inkişaf etdirəcək. Can Azərbaycanın Bayramı mübarək!”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara