REGİONLAR
Samux rayonunda ilin birinci yarısında 3 min tondan çox tərəvəz istehsal olunub
![Samux rayonunda ilin birinci yarısında 3 min tondan çox tərəvəz istehsal olunub](/files/2023/2/1200x630/16919990204955847123_1200x630.jpg)
Samux, 14 avqust, Elcan Məmmədov, AZƏRTAC
Samux rayonunda təsərrüfat sahibləri açıq torpaq sahələri ilə yanaşı, örtülü torpaqlarda da (istixana komplekslərində) əkin aparmağa daha çox maraq göstərirlər. Belə ki, 2023-cü ilin birinci yarısında rayonda 69 istixana təsərrüfatı fəaliyyət göstərib ki, bunun da 4-ü müəssisələrin, 65-i isə əhali təsərrüfatlarının payına düşür. İstixanalarda 47,6 hektar sahədə tərəvəz bitkiləri əkilib.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istixanalarda əkilən sahələrin 21 hektarı və ya 44,1 faizi kənd təsərrüfatı müəssisələrinin, 26,6 hektarı və ya 55,9 faizi isə ailə kəndli və ev təsərrüfatlarının payına düşür. İstixanalarda əkilən tərəvəzin 9,1 hektarı xiyar, 37,2 hektar pomidor, 1,3 hektar isə sair tərəvəzlər təşkil edib. Həmin sahələrdən 3171 ton tərəvəz məhsulları yığılıb ki, bunun da 1260 tonu kənd təsərrüfatı müəssisələrinin, 1911 tonu isə əhali təsərrüfatlarının payına düşür. İstehsal olunan tərəvəz məhsullarının 613,8 tonu xiyar, 2 min 538,2 tonu pomidor, 19 tonu sair tərəvəz məhsulları olub. Təsərrüfatlarda xiyarın 1 kq-nın istehsalçı qiyməti 0,74 manat, pomidorun 1 kq-nın istehsalçı qiyməti 1,30 manat təşkil edib.