Samuxda 30 mindən çox sakin tibbi müayinədən yararlanıb
Samux, 18 aprel, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Prezidentinin tövsiyəsinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Samux rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir.
Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda əhalinin kütləvi müayinəsi üçün hər cür şərait yaradılıb. Belə ki, sakinlər yaradılan xüsusi həkim briqadaları tərəfindən müayinə olunur, ehtiyac olduqda fuloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Fevralın 12-dən indiyədək 30 min 66 nəfər müayinədən yararlanıb. Xəstəlik aşkar edilən 1179 nəfər ambulator, 68 nəfər stasionar müalicəyə cəlb edilib, 121 xəstə isə Bakı və Gəncə şəhərlərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.
Bununla da rayonun tibbi müayinəyə cəlb edilən 25 yaşayış məntəqəsindən 21-də tibbi müayinələr başa çatıb.