SİYASƏT
ŞANXAY DÜNYA SƏRGİSİNİN AZƏRBAYCAN PAVİLYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 87-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan dünyada təkcə özünün çoxəsrlik tarixi və mədəniyyəti ilə deyil, həm də müxtəlif dövrlərdə dünyaya bəxş etdiyi dahi övladları ilə tanınır. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində özünəməxsus yeri vardır.
Xalqımızın dahi oğlunun anadan olmasının ildönümü hər il dünyanın müxtəlif yerlərində qeyd edilir. Çində keçirilən Şanxay Dünya sərgisi çərçivəsində mayın 10-da Azərbaycan pavilyonunda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş təntənəli mərasim təşkil olunmuşdur.
Mərasim Azərbaycan pavilyonunun və ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Azərbaycan pavilyonunun direktoru Nazim Tatlıyev qonaqları bu əlamətdar gündə salamlayaraq, ulu öndər Heydər Əliyevin dövlətimizin inkişafı, xalqımızın rifahı naminə əvəzolunmaz fəaliyyətindən danışmışdır.
N.Tatlıyev vurğulamışdır ki, bütün həyatını Azərbaycan xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi yol Azərbaycanın bugünkü inkişafının təməlidir.
Sonra pavilyonun əməkdaşı Aqşin Əliyev mərasim iştirakçılarını ulu öndər Heydər Əliyevin tərcümeyi-halı ilə tanış etmişdir.
Ölkəmizin ÇXR-dəki səfirinin müşaviri Bayram Həsənov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinə verdiyi töhfələrdən danışmışdır. O, tarixə nəzər salaraq, keçmiş SSRİ-nin liderlərindən biri kimi Heydər Əliyevin ÇXR ilə SSRİ arasında münasibətlərin istiləşməsindəki xüsusi rolunu vurğulamış, ulu öndərin 1994-cu ildə Çinə rəsmi səfəri, burada apardığı danışıqlar və imzalanmış sənədlər barədə məlumat vermişdir.
B.Həsənov, həmçinin ümummilli lider Heydər Əliyevin Çin xalqının çoxəsrlik tarixi və mədəniyyətinə, onun seçdiyi inkişaf yoluna olan böyük hörmətindən danışmışdır. Azərbaycanlı diplomat qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ÇXR-ə 2005-ci ildə dövlət və 2008-ci ildə işgüzar səfərləri zamanı bu münasibətlər yeni mərhələyə qaldırılmış və bu gün də uğurla davam etdirilir.
Şərqi Çin Pedaqoji Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı və Regional Tədqiqatlar İnstitutunun direktoru, professor Fen Şao Ley ölkəmizin bugünkü inkişafından danışaraq vurğulamışdır ki, müasir Azərbaycan dövlətinin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan-Çin münasibətlərinə toxunan natiq, bu münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu vurğulamış və rəhbərlik etdiyi institutun Azərbaycan üzrə tədqiqatlara xüsusi onəm verdiyini diqqətə çatdırmışdır.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Mərasimə toplaşanlar Azərbaycan pavilyonuna, xüsusilə Heydər Əliyev Fondunun stendinə böyük maraq göstərmişlər.
Təntənəli mərasimdə Şərqi Çin Pedaqoji Universitetinin prorektoru, professor Ken Çün, təhsil ocağının müəllimləri, Şanxay Pedaqoji Universitetinin professor-müəllim heyəti, Çində təhsil alan azərbaycanlı tələbələr, yerli və xarici jurnalistlər iştirak etmişlər.
######