İQTİSADİYYAT
Satış yarmarkalarının ünvanları məlum olmuşdur
Bakı, 7 mart (AZƏRTAC). Məlumat verildiyi kimi, Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, istehlakçılar yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.
Yarmarkalar martın 16—dan 19-dək Binəqədi rayonunun Dərnəgül yaşayış sahəsi, 6 nömrəli peşə liseyinin həyəti, Xətai rayonundakı Bakı kinoteatrının yanı, Nərimanov rayonundakı Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi, Nəsimi rayonundakı “Təzə bazar”ın ərazisi, Səbail rayonunun Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonunun Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı, Yasamal rayonunun Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında keçiriləcəkdir.