CƏMİYYƏT
Səbail rayonunda Novruz ilə əlaqədar imkansız ailələrə bayram payları təqdim olunmuşdur
Bakı, 15 mart (AZƏRTAC). Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı Azərbaycanda çox böyük təmtəraqla qeyd edilir. Əlamətdar bayramın təntənəli və yaddaqalan olması ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.
RİH-dən AZƏRTAC-a bildirmişlər ki, bayram ərəfəsində rayonda geniş abadlıq-quruculuq işləri, o cümlədən qəsəbələrdə, istirahət parklarında, həyətlərdə, küçələrdə təmizlik işləri aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun mədəniyyət evlərində bayram tamaşaları hazırlanmışdır.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə qayğı da diqqət mərkəzində saxlanılmışdır. RİH ilə yanaşı rayonda yerləşən idarə və təşkilatların, bələdiyyələrin, xüsusilə də ənənəvi olaraq belə xoşməramlı tədbirlərdə yaxından iştirak edən iş adamlarının, ayrı-ayrı xeyriyyəçilərin könüllü dəstəyi ilə əziz bayram münasibətilə rayonda yaşayan aztəminatlı ailələr üçün ərzaq bağlamaları hazırlanmışdır. Bayram sovqatı ümumilikdə 3500-dən çox ailəyə təqdim olunacaqdır.
Novruz bayramı çərçivəsində Bayıl yaşayış sahəsində tədbir təşkil olunmuşdur.
Tədbirdə “Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri” İctimai Birliyinin, ağsaqqallar və veteran təşkilatları şuralarının, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin, Qızıl Aypara, Korlar, Əlillər, Çernobıl əlillərinin, 20 Yanvar cəmiyyətlərinin, Azərbaycandakı rus icmasının və “Sodrujestvo” cəmiyyətlərinin nümayəndələri və başqaları iştirak etmişlər.
Rayon rəhbərliyi tədbir iştirakçılarını sevimli Novruz bayramı münasibətilə təbrik etmişdir.
Novruz bayramı ərəfəsində görülmüş işlər barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, hazırda rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağıdır. Onlar əsgərlərin bayramlarını təbrik etmək üçün xeyli sovqat aparmış və böyük konsert proqramı təşkil etmişlər.
Tədbirdə çıxış edən iş adamları, ictimai birliklərin, məcburi köçkünlərin nümayəndələri və başqaları ehtiyacı olanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.