SİYASƏT
Səbail rayonunun Bibiheybət qəsəbəsində ötən ilin yekunları müzakirə edilmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da Səbail rayonunun Bibiheybət qəsəbəsində ötən ilin yekunları müzakirə olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə rayonun müəssisə və təşkilat rəhbərləri, ziyalılar, Bibiheybət bələdiyyəsi üzvləri və qəsəbə sakinləri iştirak etmişlər.
İclasda hesabat dövründə qəsəbədə görülmüş işlərdən danışılmış, qarşıda duran məsələlərin həlli yolları müzakirə olunmuş və cari il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Anar Həsənli ötən ildə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verərək bildirmişdir ki, qəsəbədə hazırda 2200 nəfər əhali yaşayır, burada həmçinin 365 nəfər məcburi köçkün məskunlaşmışdır. Keçən ildə qəsəbə nümayəndəliyinin təşkilatçılığı ilə “Şahinbağ” yaşayış sahəsində 500 kvadratmetr və Salyan şosesi 12 ünvanda 500 kvadratmetrlik sahə asfaltlanmış, qəsəbə ərazisində yeni su-kanalizasiya xətləri çəkilmişdir.
Qeyd olunmuşdur ki, ötən ilin yay aylarında RİH-in daxili imkanları hesabına qəsəbədəki xeyir-şər evi təmir olunmuş, İkinci Dünya müharibəsində həlak olmuş qəsəbə sakinlərinin xatirəsinə yaradılmış abidə kompleksində cari təmir aparılmışdır. Muxtarov yaşayış sahəsindən “Dostluq parkı”nadək yol boyunca yerləşən bütün hasarlar təmir olunmuş və rənglənmişdir. Qəsəbənin dənizkənarı hissəsi daşlardan təmizlənmişdir. Çimərlik ərazisinə məişət tullantıları üçün əlavə konteynerlər qoyulmuşdur. Keçən il qəsəbədə Səbail rayon enerji təchizatı və satış idarəsi tərəfindən kabelləşdirmə işləri başa çatdırılmışdır. Rayon ictimaiyyətinin iştirakı ilə keçirilmiş iməciliklər zamanı qəsəbənin ərazisində 3 min, Bibiheybət məscidi ərazisində isə 500 yeni ağac əkilmişdir.
İclasda çıxış edən Səbail RİH-in başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybətin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görüləcək işlərdən danışmışdır.
A.Əsgərov ötən il rayonda həyata keçirilmiş sosialyönümlü layihələr və qarşıda duran vəzifələr barədə də məlumat vermişdir. Bildirilmişdir ki, bir sıra məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yollar, 50 nömrəli orta məktəb və kitabxana əsaslı təmir olunacaq, qəsəbənin su və kanalizasiya sistemi yenidən qurulacaqdır.
Sonda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.