MƏDƏNİYYƏT
“Sədərək şairləri” kitabı nəşr olunmuşdur
Bakı, 20 fevral (AZƏRTAC). Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbəəsində Hacı Tofiq Seyidzadənin “Sədərək şairləri (II hissə)” kitabı çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, kitabda müəllif Sədərək şairlərinin yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Kitabda qədim oğuz yurdu Sədərəyin igid oğul və qızları, onların erməni quldurlarınıın hücumlarına mətanətlə sinə gərmələri, 20 Yanvar şəhidləri və dünya tarixində ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsinə həsr edilmiş əsərlər toplanmışdır.
Bundan əvvəl nəşr olunmuş I hissədə olduğu kimi, yeni çapdan çıxmış kitabda da Sədərəkdən olan 20-yə yaxın şair, yazıçı və alimin əsərləri yer almışdır.
Kitaba “Vektor” nəşrlər evinin direktoru, şair Elçin İsgəndərli “Ön söz” yazmışdır.
Kitabin redaktoru ADPU-nun müəllimi Ayətxan Ziyad, rəyçi filologiya elmləri doktoru Nizami Xudiyevdir.