Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları sosial siyasət barəsində məlumatlandırılıblar
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda silsilə təlimlər davam edir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən AZƏRTAC-a bildirlib ki, təlim zamanı şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlətimizin uğurla apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirici məlumatlar verilib.
Tədbir iştirakçılarına, həmçinin onların hüquqlarının, müvafiq qanunvericilik aktlarının və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar hədiyyə edilib.
Layihə rəhbəri Mehdi Mehdiyev deyib ki, bu mövzuda görüşlərin, ümumilikdə respublikamızın 9 şəhər və rayonunda keçirilməsi planlaşdırılır.