Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır
Ankara, 6 avqust, AZƏRTAC
Peşəkar kadr çatışmazlığının olmaması Türkiyə üçün texnoloji asılılığın minimuma endirilməsi qədər vacibdir. Bu, milli təhlükəsizlik və inkişaf məsələsi olmaqla yanaşı, müdafiə sənayesi sahəsi üçün də xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankaradakı Prezident Milli Kitabxanasında keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Türkiyənin müdafiə sənayesi şirkətlərində təxminən 120 min nəfər çalışır və onların orta yaşı 34-dür: “Texnologiyaları hazırlamaq, istehsal etmək və texnoloji trendləri formalaşdırmaq qabiliyyətinə malik peşəkar kadrların mövcudluğu ölkəmizin kritik texnoloji sahələrdə xarici asılılığının azalması, həmçinin təcrübə və bilik potensialının güclənməsi deməkdir”.
Türkiyənin vitse-prezidenti yerli müdafiə sənayesinin nailiyyətlərinə də diqqət çəkib: “Ötən ilin yekunlarına əsasən, Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 10 milyard dolları ötüb. Hazırda Türkiyə müdafiə sənayesi məhsullarının ixrac həcminə görə dünyada 11-ci yerdə qərarlaşıb. Proses bu il də uğurla davam edir. Yeni ixrac rekorduna ümid edirik. Məqsədimiz ölkəmizi mümkün qədər qısa müddətdə müdafiə sənayesi məhsullarını ixrac edən ilk 10 ölkə sırasına çıxarmaqdır”.
C.Yılmaz qeyd edib ki, bəzi məhsul kateqoriyaları üzrə Türkiyə şirkətləri artıq dünya bazarında aparıcı mövqelərə malikdir. O, xüsusilə zərbə tipli pilotsuz uçuş aparatlarının istehsalını buna nümunə göstərib.
Vitse-prezident, həmçinin vurğulayıb ki, Türkiyə hökuməti yeni proqram və təşəbbüslərə üstünlük verməklə, gənc kadrların dəstəklənməsini bundan sonra da davam etdirəcək.