CƏMİYYƏT
Səhiyyə Nazirliyi Müstəqillik Günü ilə bağlı Şəkidə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob keçirib
Bakı, 24 may, AZƏRTAC
Səhiyyə Nazirliyi 28 may - Müstəqillik Günü ilə bağlı Şəki şəhərində maarifləndirici aksiya və “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şəki Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnmə, eyni zamanda, bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki tədbirdə kollecin tələbələri asfiksiya, avtomobil qəzası, bədbəxt hadisələr və digər fövqəladə hallar zamanı zərərçəkən və xəsarət alan şəxslərə həkiməqədər ilk tibbi yardım qaydalarını əyani şəkildə nümayiş etdiriblər.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzinin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.
Daha sonra Şəki Tibb Kollecinin tələbələrinin iştirakı ilə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob təşkil olunub. Fləş-mobda kollecin tələbələri tərəfindən Müstəqillik Gününə həsr olunan “28 May” sözləri vizual olaraq nümayiş etdirilib.
Həmçinin “İlk tibbi yardımı öyrən - tətbiq et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Tədbirdə xeyriyyə məqsədli kampaniya da keçirilib. Kampaniyada kollec tələbələrinin hazırladığı əl işləri, suvenirlər və digər məhsulların satışından əldə olunan vəsait Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alan uşaqlara “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə hədiyyələrin alınmasına yönləndirilib.
Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fləş-mobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.