SİYASƏT
ŞƏKİDƏ ƏHALİNİN SİYAHIYAALINMASINA CİDDİ HAZIRLIQ GÖRÜLÜR
Şəki, 9 fevral (AZƏRTAC). Şəkidə bu il aprelin 13-dən 22-dək respublikamızda keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işləri yekunlaşmaq üzrədir.
Şəhər statistika idarəsinin rəisi Lütvəli Əliyev bildirmişdir ki, ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bu mühüm dövlət kampaniyasının Şəkidə də yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmış, tədbirlər planı müəyyənləşdirilmişdir.
Siyahıyaalınmaya hazırlıqla əlaqədar əhali arasında izahat və təbliğat işi gücləndirilmiş, idarənin mütəxəssisləri tərəfindən yerli mətbuatda çıxışlar edilmişdir. Şəki şəhərinin küçə, döngə və dalan adlarının yazılıb vurulması işi başa çatdırılmış, şəhər və kənd əhalisinin sayı dəqiqləşdirilmişdir. 2008-ci il yanvarın 1-nə olan məlumata görə rayonun əhalisi 169 min 30 nəfər olmuşdur.
Şəki rayonu üzrə 11 siyahıyaalma şöbəsi yaradılmışdır. Siyahıyaalma 75 təlimatçı və 383 sayıcının köməyi ilə
aparılacaqdır.
Hazırlıq tədbirlərinə uyğun olaraq şəhərin və böyük kəndlərin sxematik planları və digər sənədlər işlənib hazırlanmış, Dövlət Statistika Komitəsinə təhvil verilmişdir.