Şəmkirdə Aprel döyüşlərinin ikinci ildönümü ilə bağlı tədbir keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Şəmkirdə Aprel döyüşlərinə dair reallaşdırılan layihə çərçivəsində “Lələtəpə keçilməz!” adlı tədbir təşkil olunub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Xəyalə Cəfərovanın müəllifi olduğu layihə çərçivəsində Aprel döyüşlərində həlak olan şəmkirli hərbi qulluqçuların - Vüqar Yusifovun, Təbriz Əsgərovun, Nurlan Qasımovun, Altun Dəmirlinin və Vüsal Alıyevin xatirələri yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı parlaq qələbənin əhəmiyyətindən, Ermənistan ordusunun ağır məğlubiyyətə uğramasından danışıblar. Bildirilib ki, Azərbaycan əsgərinin 2016-cı ilin aprelində qazandığı qələbə Silahlı Qüvvələrimizin gücünü Ermənistan ilə yanaşı, bütün dünyaya göstərdi.
Şəmkirli gənclər qeyd ediblər ki, torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsi daim dərin hörmətlə anılır. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayan gənclər bildiriblər ki, qüdrətli Azərbaycan Ordusu Aprel döyüşlərində hərb tariximizə yeni şanlı səhifə yazdı.
Tədbirin sonunda Aprel döyüşləri ilə bağlı videoçarx nümayiş olunub.
Aprel döyüşlərinə həsr olunan tədbirlər Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Şəmkir Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, “Sülhə Çağırış” Tolerantlığa Dəstək İctimai Birliyinin və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə keçirilib.