İQTİSADİYYAT
Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “İdarə heyətinin formalaşdırılması” mövzusunda keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumları və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.
Təlimdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və sektorun əməkdaşı Tural Məmmədov İdarə heyətinin səlahiyyətləri, heyət üzvlərinin hüquq və vəzifələri, eləcə də Azərbaycan Korporativ İdarəetmə Standartlarının bu mövzu ilə bağlı müddəaları barədə məlumat veriblər.
Tədbir çərçivəsində idarə heyətinin formalaşdırılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. İndiyədək 3 belə təlim keçirilib.