Səyyar “ASAN xidmət” Astarada
Astara, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 28-dən başlayaraq səyyar “ASAN xidmət” Astarada vətəndaşlara xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi və “Azəriqaz” İstehsalat Birliyinin xidmətləri daxildir.
Vətəndaşlara, həmçinin mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.
Aprelin 26-dək davam edəcək səyyar “ASAN xidmət”in həyata keçirilməsində məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.