REGİONLAR
Şimal bölgəsinin yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir
Xaçmaz, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Şimal bölgəsində hazırda Xaçmaz, Quba və Qusar rayonlarının yaşayış məntəqələrinin “mavi yanacaqla” təmin olunması üçün iş aparılır.
AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İB tərəfindən Xaçmazda Nabran qəsəbəsi də daxil olmaqla, ərazidəki 20-yə yaxın yaşayış məntəqəsinin qazlaşdırılması işləri həyata keçirilir. Xanoba, Səlimoba, Yaquboba, Tel və Günəşli kəndlərində qaz çəkilişi yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə Nabran, Meşəli, Pərdiqıran, Vələmir və digər kəndlərin də qazlaşdırılması başa çatdırılacaq. İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır. Bu səbəbdən soyuq aylarda, demək olar, əksər obyektlərin fəaliyyəti məhdudlaşır. Amma növbəti mövsümdən bu çətinliklər arxada qalacaq.
Nabran zonası ilə yanaşı, rayonun Qaracik Zeyid kəndində də qazlaşdırma işləri yekunlaşmaq üzrədir.
Ümumilikdə, Xaçmazın 151 yaşayış məntəqəsindən 90-nı qazlaşdırılıb. Yaxın gələcəkdə isə daha 19 kəndin “mavi yanacaq”la təminatı nəzərdə tutulub.
Quba və Qusar rayonu ölkəmizin ən soyuq bölgələrindən sayılır. Bu səbəbdən buradakı yaşayış məntəqələrinin təbii qazla təminatı da diqqət mərkəzindədir. Hazırda Quba rayonunun daha iki kəndinə qaz çəkilişi davam edir. Rustov və Qamqam kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kəndlərdəki abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Hər iki kənddə işlər tam yekunlaşmaq üzrədir. Yaxın günlərdə yaşayış məntəqələrinə təbii qazın verilməsinə başlanacaq.
Qusar rayonunda isə yeni ilin ilk günlərindən Əniq kəndinə ilk dəfə təbii qazın verilməsinə başlanılıb. 437 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 32 min 108 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 437 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Qusar rayonunun Suvacal kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq, yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.
Ötən iki ildə Qubanın 9, Qusarın 16, Şabranın 9 yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin olunub. Region üzrə əhalinin qazla təmin edilməsi isə 74 faiz təşkil edir.