DÜNYA
Sinoptiklər Yaponiyanın şimalında güclü çovğun barədə xəbərdarlıq ediblər
Tokio, 21 fevral, AZƏRTAC
Fevralın 21-də axşam saatlarında Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında və Tohoku regionunda güclü külək və qar yağması gözlənilir.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, həmin ərazilərdə küləyin sürətinin saatda 90 kilometri ötəcəyi proqnozlaşdırılır. Həmçinin görünmənin sıfır həddinə düşəcəyi qeyd edilir.
Meteoroloqlar bildirirlər ki, fevralın 21-də yerli vaxtla saat 15:00 radələrində Aomori prefekturasının Haçinohe şəhərində küləyin sürəti saatda 118 kilometrə, Hokkaydo adasının Abaşiri şəhərində isə 112 kilometrə çatıb.
Həmin saatlarda qar yağmasının gücləndiyi də qeyd edilir. Belə ki, Hokkaydo prefekturasının Şari şəhərində 17 santimetr, Miyaqi prefekturasının Naruko-onsen kurort şəhərində isə 9 santimetr yağıntı düşüb.
Meteoroloqlar Hokkaydo, Tohoku və Niiqata sahillərində qeydə alınan fırtınaya görə yerli əhalini ehtiyatlı olmağa çağırıblar.
Yapon dənizi boyunca ölkənin sahillərinə də güclü qar yağacağı gözlənilir. Niiqatada son 24 saat ərzində 70 santimetr, Tohoku da 60 santimetr, Hokkaydoda, Kantonun şimalında və Naqanoda 50 santimetr qar yağacağı proqnozlaşdırılır.
Sinoptiklər, həmçinin güclü qar səbəbindən ictimai nəqliyyatın hərəkətində və elektrik enerjisinin verilişində fasilələr yaranacağı barədə xəbərdarlıq edirlər. Eyni zamanda, yerli əhaliyə dağ uçqunlarına və damdan düşən qara qarşı diqqətli olmaq tövsiyə edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio