MƏDƏNİYYƏT
Şirvan şəhərində Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam gecəsi keçirilmişdir
Şirvan, 15 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 15-də Şirvan şəhərindəki mərkəzi mədəniyyət evində muğam gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elnur Zeynalov və 2011-ci ildə keçirilmiş üçüncü respublika muğam müsabiqəsində üçüncü yeri tutmuş Nigar Şabanova “Uğur” instrumental ansamblının üzvləri-Altay Niftəliyev, Araz Ağaverdiyev, Abbas Səfərov, Mehman Nuriyev, Xədicə Həsənova və Şəfa Kərimovun müşayiəti ilə “Mirzəhüseyn segahı” muğamını, “Şahnaz”, “Mahur”, “Segah” və “Bayatı-Şiraz” təsniflərini ifa etmişlər.
Tamaşaçılar gənc muğam ifaçılarının çıxışlarını sürəkli alqışlarla qarşılamışlar.
Mərasimdə çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muğamlarımızın qorunub saxlanması, onların inkişafı sahəsində görülmüş işlərin, həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirmiş, “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təşkilatçılarına, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.