SİYASƏT
ŞİRVANDA SEÇKİ HÜQUQU ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ KURSLAR DAVAM EDİR
Şirvan, 24 sentyabr (AZƏRTAC). Şirvan şəhərində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamı əsasında seçki hüququ üzrə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar davam edir.
Tədbirdə şəhər məhkəməsinin sədri Qurban Hacıyev “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqları. Seçki hüququnun məhkəmə müdafiəsi”, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Nizami Nadirov “Vətəndaşların seçki hüquqlarının pozulmasına görə şikayətlərə baxılması”, şəhər icra hakimiyyəti başçısının birinci müavini Samit Abıyev “İcra hakimiyyəti və bələdiyyə qurumlarının seçki siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar vəzifələri” mövzularında məruzələr etmişlər.
46 saylı Şirvan seçki dairəsi dairə seçki komissiyasının sədri Asəf Əhmədov bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlər barədə məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Kurslarda iştirakçılara bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və onun nəticələrinin müəyyənləşdirilməsi, seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları, seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, habelə bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifə və fəaliyyətlərinin qarşılıqlı təşkili barədə məlumat verilmişdir.