SİYASƏT
Siyasətçilər tarixlə bağlı qərarlar verməməlidirlər
Strasburq, 26 yanvar (AZƏRTAC). Siyasətçilər tarixlə bağlı qərarlar verməməlidirlər.
Bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Fransa Senatında qəbul olunmuş qanunla bağlı sualına cavabında Avropa Şurasının insan hüquqları üzrə səlahiyyət müddəti başa çatmış komissarı Tomas Hammerberq demişdir.
Yanvarın 26-da öz işini davam etdirən AŞPA-nın qış sessiyasında T.Hammerberq rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etdikdən sonra deputatların suallarını cavablandırmışdır.
Milli Məclisin deputatı Q.Paşayevanın “Fransa Senatı heç bir beynəlxalq normalara sığmayan və sübuta yetirilməyən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etmişdir. İnsan hüquqları üzrə komissar kimi necə düşünürsünüz bu söz və fikir azadlığının məhdudlaşdırılmasına, insan haqlarına zərbə deyilmi? Bu qanundan sonra Fransada yaşayan 500 min türkü və ümumiyyətlə, qondarma “erməni soyqırımı”nı inkar edən hər kəsi həbs cəzası və ağır cərimə gözləyir. İnsan hüquqları üzrə komissar kimi siz məhz söz və fikir azadlığı, insan haqları prizmasından bu qanunu necə qiymətləndirirsiniz?” sualına cavabında T.Hammerberq demişdir: “Bildiyiniz kimi Avropa Şurasının baş katibi Torbyorn Yaqland qış sessiyasının ilk günündə bu məsələyə toxunmuşdur. Mən də onun fikirləri ilə tam razıyam. Əlbəttə ki, bu düzgün yanaşma tərzi deyil və söz, ifadə azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələlərə qiymət verməsi ilə bağlı isə T.Yaqlandın dedikləri ilə razı olduğunu və onu tam dəstəklədiyini bildirmişdir. O qeyd etmişdir ki, siyasətçilər tarixlə bağlı qərarlar verməməlidirlər”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq