İQTİSADİYYAT
“SOCAR Georgia Petroleum Ltd” yenidən “Gürcüstan dövlət büdcəsinə ən iri vergi ödəyicisi” mükafatına layiq görülmüşdür
Bakı, 3 fevral (AZƏRTAC). Fevralın 3-də Tbilisidə Gürcüstan Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi tərəfindən ənənəvi olaraq keçirilən sorğunun nəticələri əsasında 2011-ci ildə neft məhsulları biznesi sektorunda Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlərin 8-ci mükafatlandırma mərasimi olmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “SOCAR Georgia Petroleum Ltd” yenə də Gürcüstan dövlət büdcəsinə ən iri vergi ödəyicisi olaraq liderliyini qoruyub saxlamışdır. Mərasimdə qeyd olunmuşdur ki, 2006-cı ildən indiyədək ARDNŞ-in törəmə müəssisəsi olan “SOCAR Georgia Petroleum” tərəfindən Gürcüstan dövlət büdcəsinə 775 milyon laridən artıq vəsait ödənilmişdir. Son illər ARDNŞ-in bu törəmə müəssisəsi Gürcüstan neft məhsulları bazarının şəriksiz lideri olaraq ölkə ictimaiyyəti tərəfindən böyük hüsn-rəğbət qazanmışdır.
Mərasimdə “SOCAR Georgia Petroleum”, eyni zamanda “Gürcüstan ərazisində ən böyük sərmayə qoymuş şirkət və “Ən yaxşı infrastruktura malik yanacaqdoldurma məntəqələri” nominasiyaları üzrə qalib elan edilmişdir. Bildirilmişdir ki, hazırda müəssisə Gürcüstanda Avropa standartlarına cavab verən 93 yanacaqdoldurma məntəqəsinə (YDM) malikdir. Ötən il YDM-lər şəbəkəsinin genişləndirilməsi istiqamətində qazanılmış uğurlarla yanaşı, iki yeni layihə də həyata keçirilmiş, Batumi-Tbilisi avtomagistral yolunda yerləşən “SOCAR-Qudvill avto launj” çoxfunksiyalı kompleksi istifadəyə verilmiş, “SOCAR” və “Makdonalds” müştərək kompleksinin tikintisinə başlanılmışdır. Mərasimdə o da qeyd olunmuşdur ki, “SOCAR Georgia Petroleum” fəaliyyətini İSO-9001 beynəlxalq standartına uyğun olaraq həyata keçirir. Müəssisə bir sıra beynəlxalq mükafat və sertifikatlara layiq görülmüşdür.