İQTİSADİYYAT
SOCAR ilə bp-nin Azərbaycanda həyata keçirdikləri layihələr iqtisadi inkişafın lokomotivi rolunu oynayacaq
Bakı, 17 dekabr, AZƏRTAC
SOCAR ilə bp-nin Azərbaycanda bu gün birlikdə həyata keçirdikləri bütün neft-qaz layihələri uğurla davam edəcək və ölkəmizdə, həmçinin də qonşu ölkələrdə indiyə qədər olduğu kimi, iqtisadi inkişafın lokomotivi rolunu oynayacaq və digər istehlakçı ölkələrin enerji təchizatına mühüm töhfələr verəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər SOCAR-ın prezidenti Rövnəq Abdullayevin bp şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti ilə dekabrın 17-də keçirdiyi görüşdə səsləndirilib.
R.Abdullayev SOCAR və bp arasında uzun müddət davam edən səmərəli tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu əməkdaşlığın son dövrdə daha da genişləndiyini söyləyib. Azərbaycanda hər iki şirkətin iştirakı ilə həyata keçirilən neft-qaz layihələrinin uğurla davam etdiyini vurğulayan R.Abdullayev bundan sonrakı işlərin də müvəffəqiyyətlə nəticələnəcəyinə inandığını bildirib.
Azərbaycana bir daha səfər etməsindən məmnunluğunu ifadə edən Robert Dadli hər gəlişində Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu, şəhərin yüksək sürətlə inkişaf etdiyini qeyd edib. Azərbaycan neft-qaz sənayesinin inkişafında bp-nin yaxından iştirak etməsindən qürur duyduğunu söyləyən R.Dadli şirkətin ölkəmizdəki fəaliyyətində göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.