İQTİSADİYYAT
“Softline” və “Embawood” şirkətləri “Microsoft Enterprise Agreement” müqaviləsini imzalamışlar
Bakı, 13 iyun (AZƏRTAC). “Softline” və “Embawood” MMC lisenziyalı proqram təminatının təchizatı üzrə “Microsoft Enterprise Agreement” müqaviləsini imzalamışlar. Müqavilə müştəriyə “Microsoft”un ən yeni proqram məhsullarını əlverişli şərtlərlə əldə etməyə imkan verəcəkdir.
İKT İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, “Microsoft Enterprise Agreement” çərçivəsində lisenziyalara görə ödəniş möhlətlə 3 il ərzində keçirilir və 250-dən artıq kompyuteri olan müəssisələr üçün tətbiq olunur. Şərtlərə görə, müəssisə sözügedən müqavilənin imzalanmasından əvvəl alınmış kompyuterlərə razılaşmada qeyd edilmiş proqram məhsullarını yükləmək hüququna malikdir. Əlavə lisenziyalara görə ödəniş isə növbəti dəfə həyata keçiriləcəkdir.
“Softline şirkəti proqram təminatı bazarında 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycan bazarına 2006-cı ildə daxil olmuşdur. Hazırda informasiya texnologiyaları bazarının bu seqmentində aparıcı şirkətdir.