SİYASƏT
Son illər regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər türk xalqlarının birliyini gündəmə gətirir
![Son illər regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər türk xalqlarının birliyini gündəmə gətirir](/files/2022/3/1200x630/1668257613225760383_1200x630.jpg)
Bakı, 12 noyabr, AZƏRTAC
Dövlətimizin xarici siyasətdə mühüm istiqamətlərindən biri ümumtürk birliyinin möhkəmləndirilməsi üçün fəaliyyətidir. Bu gün Azərbaycan təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Biz türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındanıq. Son illər regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
“Təəssüf ki, türk dövlətlərinin birliyini əks etdirən bu təşkilata süni şəkildə mənfi rəy formalaşdırılmağa cəhdlər olunur. 2009-cu ildə Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə ölkə başçısı İlham Əliyev bu barədə danışmışdı. Həmin görüş Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə tarixə düşən zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılmasının vacibliyi önə çəkilmişdir. Cənab prezidentin son zamanlar xüsusi olaraq qeyd etdiyi məsələlərdən biri də məhz türk dövlətlərinin bilərəkdən bir-birindən uzaq salınmasıdır. Dövlətimizin başçısı Zəngəzur dəhlizi barədə danışarkən də qeyd etmişdi ki, vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsini ölkəmizdən ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Bu türk dünyasının birləşməsindən və inkişafından yaranan narahatlığın təzahürüdür. Lakin yenə də bu niyyətlərinə nail ola bilmədilər. Bu gün türk dünyasının liderləri bir arada birgə mövqe nümayiş etdirmək barədə danışıb razılıq əldə edirsə, demək ki heç bir qüvvə türk dünyasını parçalamaq istəyinə nail ola bilməyib”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Müşfiq Cəfərov bildirib ki, Prezident İlham Əliyev Səmərqənd Zirvə görüşündəkı çıxışında türk dövlətləri sərhədlərindən kənar yaşayan soydaşlarımızın problemlərini təşkilatın gündəliyinə gətirilməsini vurğuladı. Bu gün müasir Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin hüquq və azadlıqları təmin olunmur. O, Türk Dövlətləri Təşkilatının bu məsələdə vahid mövqe nümayiş etdirəcəyinə inamını ifadə edib.