SON ÜÇ İLDƏ DÜNYADA ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ 83 FAİZ ARTMIŞDIR
Dünyada ərzaq böhranı dərinləşməkdədir. Bunun əsas səbəbləri qida məhsullarına tələbatın artması, bəzi ölkələrdə hava şəraitinin pis olması, inflyasiya və ərzaq qıtlığı ilə bağlıdır.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu məsələni müzakirə etmək üçün Dünya Bankı bir sıra ölkələrin maliyyə və iqtisadiyyat nazirlərinin birgə iştirakı ilə toplantı keçirmişdir.
Dünya Bankının prezidenti Robert Zellik bildirmişdir ki, yeyinti məhsullarının qiymət artımının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir.
BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) Yer kürəsində aclığın qarşısını alması üçün 500 milyon dollara ehtiyacı olduğunu deyən R.Zellik, inkişaf etmiş ölkələri DƏP-ə yardım etməyə çağırmışdır.
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross-Kan demişdir ki, qiymət artımı bu sürətlə davam edərsə yüzlərlə insan, o cümlədən uşaqlar acından ölmək təhlükəsi ilə üz-üzə qalacaqlar.
Ötən ilin martından bəri dünyada ərzaq məhsullarının qiymətində artım müşahidə olunmuşdur. Bu müddətdə qarğıdalı 31 faiz, düyü 74 faiz, soya 87 faiz, buğda isə 130 faiz bahalaşmışdır. Ümumiyyətlə son üç ildə dünyada ərzaq məhsullarının qiyməti 83 faiz artmışdır.
Əhalinin öz gəlirlərinin yarıdan çoxunu ərzağa xərclədiyi kasıb ölkələrdə isə vəziyyət daha gərgindir. Haiti, Misir, Filippin və digər ölkələrdə ərzaq qıtlığı ilə əlaqədar iğtişaşlar baş vermişdir.
Əsas düyü istehsalçısı olan ölkələr - Hindistan, Çin, Vyetnam və Misir hazırda düyünün ixracına məhdudiyyət qoymuşlar. Belə vəziyyət düyü idxal edən Banqladeş, Filippin və Əfqanıstan kimi ölkələr üçün ciddi çətinlik yaratmışdır.