DÜNYA
Sony şirkəti dünya üzrə daşınmaz əmlakını hərraca çıxarmışdır
Tokio, 19 yanvar (AZƏRTAC). Yaponiyanın maliyyə problemləri ilə qarşılaşan Sony şirkəti dünya üzrə daşınmaz əmlakını hərraca çıxarmışdır. Şirkətin Medison küçəsində yerləşən 37 mərtəbəli göydələnini “Chetrit Group” başda olmaqla investorlar qrupuna 1 milyard dollara satacağı bildirilir.
Sony bu əməliyyatdan 685 milyon dollar alacaq, vəsaitin qalanı isə vergi orqanlarına ödəniləcəkdir. Əldə ediləcək vəsait şirkətin rəqabətə davamlılığını artırmağa yardım edəcəkdir.
Son beş ildə Sony şirkətini uğursuzluqlar izləməkdədir. Vaxtilə məşhur olan fotoaparat, televizor və digər elektron cihazlar artıq öz müştərilərini əvvəlki kimi cəlb edə bilmir. Bu, şirkəti öz daşınmaz əmlakını satmağa məcbur etmişdir. Satışa çıxarılmış əmlak arasında Tokioda yerləşən 27 mərtəbəli Sony City də vardır. Bu, şirkətin baş ofisindən sonra Tokioda ikinci böyük binasıdır.
Buna baxmayaraq, şirkətdə gələcəyə inamla baxırlar. Ötən ili 5 milyard dollar ziyanla başa vurmuş şirkətin martın 31-də başa çatacaq cari maliyyə ilində 223 milyon dollar gəlir əldə edəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio