İQTİSADİYYAT
Şotlandiyanın Aberdin qazma məktəbinin nümayəndəsi ilə görüş olmuşdur
Bakı, 26 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Şotlandiyanın “Aberdin” Qazma Məktəbinin marketinq üzrə məsul işçisi Tom Donnelli ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə idarə tərəfindən həyata keçirilən kadr hazırlığı proqramı və xarici şirkətlərlə qurulmuş əlaqələr haqqında məlumat verilmişdir.
TTSİ-nin rəisi Fuad Süleymanov idarənin tərkibində yaradılması nəzərdə tutulan təlim mərkəzində qazma, emal və hasilat üzrə təlim simulyatorlarının quraşdırılması məsələsinə toxunmuşdur.
Tom Donnelli Aberdin Qazma Məktəbi haqqında məlumat vermiş və təmsil etdiyi qurumun 1998-ci ildən etibarən Azərbaycanın neft-qaz sektorunda mühüm layihələrdə iştirak etdiyini bildirmişdir. O, həmçinin məktəbin quyuların nəzarət-idarəetmə sistemləri, dərinsulu quyu mühəndisliyi, qazma texnologiyası, qoruyucu kəmərin layihələndirilməsi, buruqda çalışan heyətin peşə hazırlığı, quyuların yoxlanılması və sertifikatlaşdırılması, optimallaşdırılmış qazma praktikaları və başqa sahələrdə müxtəlif kurslar həyata keçirdiyini diqqətə çatdırmışdır.
Tom Donnelli yaradılacaq yeni təlim mərkəzi və gələcək təlim-tədris mübadiləsi baxımından Aberdin Qazma Məktəbinin xidmətlər paketinin tezliklə TTSİ-yə təqdim olunacağını bildirmişdir.