CƏMİYYƏT
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 13 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında Həzi Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pul qabını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum edilən Elnur Ağayev olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.